5.1. Mərkəzdə aşağıdakı istiqamətlərdə tədris habelə yaradıcılıq potensialının artırılması üzrə tədbirlər həyata keçirilir:
5.1.1. audio-səsyazma və media istiqaməti;
5.1.2. floristika, bağçılıq və landşaft dizaynı istiqaməti;
5.1.3. bədii oyma istiqaməti;
5.1.4. xalçaçılıq, toxuma və tikmə istiqaməti;
5.1.5. dərzilik istiqaməti;
5.1.6. fotoqrafiya istiqaməti;
5.1.7. musiqi istiqaməti;
5.1.8. dulusçuluq istiqaməti;
5.1.9. təsviri incəsənət istiqaməti;
5.1.10. rəqs istiqaməti;
5.1.11. kulinariya istiqaməti;
5.1.12 səhnə ifaçılığı istiqaməti.
5.2. Mərkəzdə aşağıdakı imkanlara malik kitabxananın fəaliyyəti nəzərdə tutulur:
5.2.1. əlilliyi olan şəxslərin bədii yaradıcılığının inkişafı üçün milli və dünya ədəbiyyatı nümunələrindən ibarət guşələrin yaradılması;
5.2.2. görmə məhdudiyyətli şəxlərin bədii yaradıcılığının inkişafı üçün brayl əlifbası ilə olan kitablardan ibarət guşələrin yaradılması;
5.2.3. əlilliyi olan şəxslərin müəllifi olduğu kitabların təqdimatının keçirilməsi;
5.2.4. məşhur yazarların iştirakı ilə qiraət günlərinin keçirilməsi;
5.2.5. yerli və xarici yazarların imza günlərinin keçirilməsi.
5.3. Mərkəzdə aşağıdakı imkanlara malik kafe və mətbəxin fəaliyyəti nəzərdə tutulur:
5.3.1. aşbazlıq, milli və Avropa kulinariyasının əsaslarının öyrədilməsi;
5.3.2. ofisiant işi istiqamətində bacarıqların inkişaf etdirilməsi.
5.4. Mərkəzdə yaradılmış konsert zalının səhnəsində inklüziv teatr tamaşaları, antrepriz, konsertlərin nümayişi, incəsənət və inklüzivlik mövzularında ustad dərslərinin, qiraət gecələrinin keçirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
5.5. Mərkəzdə yaradılmış səhnəarxası qrim otaqlarında səhnə və kino qrimi üzrə qrimyorluq istiqamətində bacarıqların öyrədilməsinə və inkişaf etdirilməsinə dair müvafiq tədbirlər görülür.
5.6. Bu Qaydaların 5.1.7-ci yarımbəndi ilə müəyyən edilmiş istiqamətdə iştirakçılardan ibarət instrumental (milli çalğı alətləri, klassik musiqi alətləri və müasir bend) ansamblın yaradılması üçün müvafiq tədbirlər görülür.
5.7. Bu Qaydaların 5-ci hissəsi ilə müəyyən edilən tədris (təlim) və fəaliyyət istiqamətləri üzrə əlilliyi olan şəxslərin reabilitasiya və abilitasiyası istiqamətində (fərdi reabilitasiya və abilitasiya proqramları əsasında) müvafiq tədbirlər görülür.
5.8. Mərkəzdə xidmətə qəbul edilmiş şəxslər “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar, əlilliyi olan şəxslər, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları”na əsasən qida ilə təmin edilirlər.
5.9. Bu Qaydalarla müəyyən edilmiş istiqamətlər üzrə xidmətlərin hər birinə dair xidmət pasportu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən təsdiq edilir.
5.10. Bu Qaydalarla müəyyən edilmiş istiqamətlər üzrə təlim (tədris) proqramı xidmət pasportları nəzərə alınmaqla, habelə müvafiq sahələr üzrə mütəxəssislər cəlb edilməklə tərtib edilir və Mərkəz tərəfindən təsdiq edilir.
5.11. Bu Qaydalarla müəyyən edilmiş istiqamətlərdən əlavə istiqamətlər üzrə tədris, habelə yaradıcılıq potensialının artırılması üzrə Mərkəz tərəfindən əlavə tədbirlər həyata keçirilə bilər.
5.12. Şəxsin malik olduğu xəstəliklərinin kəskin formada ağırlaşması dövründə (həmin kəskinləşmə dövrü keçənədək) xidmətlərin göstərilməsi müvəqqəti dayandırılır.
5.13. Bu Qaydaların 1.1-ci bəndi ilə müəyyən edilmiş kateqoriyaya aid şəxslər Qaydaların 5-ci hissəsi ilə müəyyən edilmiş istiqamətlərdən biri üzrə yalnız bir dəfə cəlb oluna bilərlər.