DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 22 oktyabr 2021-ci il tarixində olub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir. Mərkəzdə həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının artırılması və sosial-psixoloji dəstək məqsədi ilə rəqs (milli, Latın Amerikası, bal və müasir rəqslər), təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra, publisistika daxil olmaqla, ümumilikdə 14 istiqamət üzrə təlim keçirilir. Mərkəzin benefisiarlarının cəmiyyətə inteqrasiyasını gücləndirmək üçün paralel olaraq multidissiplinar qrupla birgə iş aparılır. Həmin qrupa həkim-psixiatr, sosial işçi, klinik psixoloq, uşaq psixoloqu və psixo-pedaqoq daxildir. Tələbat və ya ehtiyac yarandıqda həmin qrupa defektoloq-loqoped, həmçinin surdoloq da əlavə olunur. Mərkəzə yaşı 6-dan yuxarı olan şəxslər qəbul edilir. Eyni vaxtda 140-dan çox benefisiarın təlim almaq imkanının olduğu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xidmətlərin göstərilməsi şəxslərin hüquq və azadlıqlarının qorunması, şərəf və ləyaqətinə hörmət, bərabərlik, humanizm və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.
Mərkəzdə nəfis tərtibatda çap olunmuş Azərbaycan ədəbiyyatı nümunələri, həmçinin xarici dillərdə müxtəlif peşə və sənət növlərinin tədrisinə dair nəşrlər toplusunun saxlanıldığı kitabxana yaradılıb. Burada görmə qabiliyyəti tam məhdud olan şəxslərin bədii yaradıcılığının inkişafı üçün brayl əlifbası ilə kitablardan ibarət guşələr təşkil edilib. Kitabxanada əlilliyi olan şəxslərin kitablarının təqdimatı, məşhur yazıçıların iştirakı ilə qiraət, yerli və xarici qələm sahiblərinin imza günlərinin keçirilməsi nəzərdə tutulur.
Mərkəzin 121 yerlik auditoriyasında kino, səhnə əsərləri və teletamaşaların nümayişi təşkil olunur. Bundan əlavə, açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün Mərkəzin geniş həyətyanı sahəsi var. Bura reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgilərin, satış-sərgi yarmarkalarının təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin keçirilməsi, həmçinin pavilyon kimi inklüziv televiziya verilişlərinin çəkilişi üçün əlverişli məkandır. Qeyd edək ki, 80-dən çox işçi heyəti olan Mərkəzdə Azərbaycanda ilk dəfə tətbiq edilən “İnklüziv könüllü” xidməti üzrə 60 könüllü fəaliyyət göstərir.

about-us