Şirinov Natiq Bahadur oğlu 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Tofiq İsmayılov adına musiqi məktəbində nağara ifaçılığı üzrə vərdişlərə yiyələnib. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirib.
24 yaşında xalq artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət alan musiqiçi peşəkar fəaliyyətə başlayıb. Bu qrup 1999–2007-ci illər ərzində müxtəlif ölkələrdə qastrol səfərlərində olub. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə qədim milli alətlərimizi- zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərir.
2002-ci ildə Natiq Şirinov Moskva şəhərində, Hindistan konsulluğunda yerləşən tabla məktəbində dərs alır və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez edir.
Milli zərb alətləri ilə yanaşı, dünya ritmlərini də dərindən mənimsəyən sənətkar dünyanın aparıcı konsert salonlarında möhtəşəm konsert layihələri ilə çıxış edib. O, respublikamızda və dünyanın müxtəlif qitələrində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə dəfələrlə Azərbaycan musiqisinin və ritmlərinin zənginliyini dünya musiqisevərlərinə tanıdıb. “Natiq Ritm Qrupu” ilə 54 dövlət arasında keçirilmiş "Geumsan World Percussion Performance Art Festival 2011" yarışmasında birincilik qazanaraq "World Grand Prize" mükafatına layiq görülüb.
Sənətkar bu gün də nağara alətinin ölçüləri və xanalarında özünəməxsus eksperimentlər edərək, dünya və Azərbaycan ritmlərinin uğurlu sintezini yaradır, yenilikləri ilə beynəlxalq arenada musiqisevərləri heyrətləndirir.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli sərəncamı ilə “Xalq Artisti" fəxri adına layiq görülüb.
Natiq Şirinov hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində zərb alətləri ifaçılığı istiqaməti üzrə təlimçi olaraq çalışır.